Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin bəzi məhdudiyyətləri aradan qaldırılır.
“Reprot” xəbər verir ki, bunlardan biri saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbinin ləğv olunmasıdır.
Məlumat üçün bildirək ki, qapalı məkanlarda maska istifadəsi mütləqdir.
Bu gündən həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir. Qərara əsasən, saat 06:00-dan metro sərnişinlərin istifadəsinə açıq olacaq.
Lakin həftə sonları - 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Məlumat üçün bildirək ki, metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabrın 19-dan dayandırılmışdı.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.
Bölməyə aid digər xəbərlər