Uşaq qidası üzərindən suallar: Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki bağçalarda şəffaflıq varmı?

Bağçalarda uşaq sayının şişirdilməsi və ərzaq təminatında mümkün sui-istifadə iddiaları araşdırma tələb edir

Azyaşlı uşaqların qida təminatı məktəbəqədər təhsil müəssisələrinin ən həssas və ciddi nəzarət tələb edən sahələrindən biridir. Xüsusilə Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən körpələr evi–uşaq bağçalarında bu məsələ təkcə inzibati deyil, eyni zamanda ictimai məsuliyyət daşıyır.

Qaynarxeber.az-a daxil olan məlumatlara görə, mövcud qaydalara əsasən, bağçalarda hər gün faktiki olaraq müəssisəyə gələn uşaqların sayı dəqiqləşdirilməli, həmin göstərici əsasında anbardan ərzağın buraxılması ilə bağlı rəsmi sənədlər hazırlanmalıdır. Gündəlik qida rasionu uşaq sayına uyğun hesablanır və hər bir uşaq üçün nəzərdə tutulan ərzaq norması aidiyyəti normativ sənədlərdə qramla müəyyən edilib.

Lakin suallar da məhz bu mərhələdə yaranır.

Məlumat verən mənbələrin iddiasına görə, bəzi bağçalarda faktiki iştirak edən uşaqların sayı ilə sənədlərdə göstərilən rəqəmlər arasında uyğunsuzluqlar mövcuddur. Belə hallarda uşaq sayının süni şəkildə artırılması nəticəsində ayrılan ərzağın bir hissəsinin təyinatından kənar istifadə olunması ehtimalları istisna edilmir.

Bu isə artıq təkcə etik məsələ deyil. Söhbət azyaşlıların gündəlik qidalanmasından, onların sağlamlığından və inkişafından gedirsə, istənilən səhlənkarlıq və ya sui-istifadə halları ciddi hüquqi məsuliyyət yaradır.

Digər diqqətçəkən məqam nəzarət mexanizmləri ilə bağlıdır. Bağçalarda uşaq sayı, anbardan çıxarılan ərzaq və faktiki təqdim edilən qidalar arasında uyğunluq real və effektiv şəkildə yoxlanılırmı? Qarabağ Regional Təhsil İdarəsi tərəfindən həyata keçirilən yoxlamalar faktiki vəziyyəti əks etdirir, yoxsa formal xarakter daşıyır?

Cəmiyyətdə zaman-zaman səsləndirilən “himayə olunan bağçalar”la bağlı iddialar da bu sualları daha da aktuallaşdırır. Məhz bu kontekstdə Ağcabədi rayon 4 saylı Körpələr Evi–Uşaq Bağçası ilə bağlı redaksiyamıza daxil olan məlumatlar xüsusi diqqət çəkir.

Məlumatlara əsasən, sözügedən bağçada uşaq sayının sənədlərdə real göstəricilərdən fərqli əks olunması, qida təminatı ilə bağlı normativ tələblərin icrasında uyğunsuzluqlar və daxili nəzarət mexanizmlərinin formal xarakter daşıması ehtimalları mövcuddur. Eyni zamanda bağça müdiri Şəbnəm Şirinovanın rəhbərlik etdiyi müəssisənin Qarabağ Regional Təhsil İdarəsi tərəfindən himayə olunduğu iddiaları da səsləndirilir.


Redaksiya olaraq bildiririk ki, bu məlumatlar hazırda iddia xarakteri daşıyır və araşdırılmağa ehtiyac yaradan faktlar toplusudur. Növbəti yazılarımızda konkret sənədlər, mənbələrin açıqlamaları və ünvanlı faktlar əsasında mövzuya daha detallı şəkildə aydınlıq gətiriləcək.


Qaynarxeber.az mövzunu diqqətdə saxlayacaq.


Qaynarxeber.az

Tarix: 3-02-2026, 14:23 Oxunub: 209


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930