Azərbaycan və Gürcüstan taleyi bir-biri ilə sıx bağlı olan iki qonşu və dost ölkələrdir. Bu gün tam əminliklə deyə bilərik ki, iki ölkə arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. Cənab İrakli Kobaxidzenin Baş nazir kimi ilk xarici səfərini məhz Azərbaycana etməsi belə deməyə əsas verir ki, rəsmi Tbilisi Bakının inkişaf gündəliyini bundan sonra da dəstəkləyəcək.
Qeyd edək ki, Gürcüstan Şərq-Qərb arasında mühüm tranzit məntəqələrindən biri hesab olunur. Geostrateji yerləşməsinə görə mühüm nəqliyyat şəbəkəsinə malik olan Gürcüstan həm Qərb ölkələri, həm də regional dövlətlər üçün strateji tərəfdaş kimi səciyyələnir. Bununla yanaşı Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan və Gürcüstanı da tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xaraktet almışdır.
Azərbaycan ilə Gürcüstanı təkcə tarixi əlaqələr birləşdirmir, hər iki dost ölkə bir-birilə Şərq-Qərb enerji dialoqunda mühüm elementlərə çevrilmiş strateji boru kəmərləri ilə də sıx bağlıdırlar. Ölkələrimizin iştirakı ilə strateji meqalayihələr - Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Bu qlobal layihələr bizim strateji tərəfdaşlığımızın əsasını təşkil edir. Bugünkü reallıqları nəzərə alsaq, bu layihələr daha da aktuallaşır. Prezident İlham Əliyev Baş nazir İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata açıqlamasında bu məqama xüsusi ilə toxunaraq bildirdi ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq.
Azərbaycan Gürcüstanın ən böyük investorlarından və əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsi artır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Bundan əlavə, Gürcüstanda Azərbaycan kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Perspektivli istiqamət Azərbaycan və Gürcüstanın böyük potensiala malik olmasına əsaslanan bərpa olunan enerji sahəsində əməkdaşlıqdır. Söhbət Günəş, külək və su elektrik stansiyalarının tikintisindən gedir və tərəflər yaşıl enerji layihələri üzərində işləyirlər.
Prezident İlham Əliyevin vurğuladığı kimi, digər uğurlu layihələr kimi yaşıl enerji layihəsi də eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Yaşıl enerjiyə böyük tələbatın olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bir daha qeyd etdi ki, həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və tərəflər hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırlar. İlin sonuna qədər bu prosesin başa çatacağı və ondan sonra praktiki addımların atılacağı planlaşdırılır.
Strateji əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan və Gürcüstan üçün həmişə prioritet olub. Əminliklə qeyd etmək olar ki, Baş nazir İrakli Kobaxidzenin Bakıya rəsmi səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki qardaş ölkə bundan sonra da əl-ələ verərək irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir. Bu səfər cənab Kobaxidzenin ifadə etdiyi kimi, Azərbaycan-Gürcüstan əməkdaşlığının dərinləşdirilməsinə bir daha xidmət edəcəkdir.
Salyan rayon Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə.
Bölməyə aid digər xəbərlər