Dünən Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu, Polşanın Silesian Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti və Gürcüstan Texniki Universitetinin təşkilatçılığı ilə "Şərq-Qərb nəqliyyat dəhlizi üzrə logistika, idarəetmə və əməliyyatın problemləri" mövzusunda beynəlxalq konfrans işə başlayıb.
"AzPolitika.info" xəbər verir ki, iki gün davam edəcək konfransda iştirak edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov "Şərq-Qərb nəqliyyat dəhlizinin əsas əhəmiyyəti, üstünlükləri və ekoloji aspektləri" mövzusunda çıxış edib.
Millət vəkili bildirib ki, Azərbaycanın təşəbbüskarı və birbaşa iştirakçısı olduğu regional və qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi enerji və yük daşımaları sahəsində səmərəliliyi artırmaqla yanaşı, bütövlükdə regionun inkişafına müsbət töhfə verməkdədir. "Azərbaycan Böyük İpək Yolu regionunun, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, TANAP və TAP qaz boru kəmərlərinin qurulmasında fəal iştirakçılardan olub, Cənub Qaz Dəhlizi Layihəsi çərçivəsində qaz kəmərləri vasitəsilə bu dəhlizin enerji komponenti təmin edib", - deyə komitə sədri qeyd edib.
S.Qurbanov əlavə edib ki, regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi Azərbaycan ərazisindən keçən “Şərq-Qərb” nəqliyyat dəhlizi Avropa və Asiya qitəsini birləşdirən ən qısa nəqliyyat marşrutudur və Çin-Qazaxıstan sərhəddi ilə Avropa arasında yükdaşımalarda mühüm əhəmiyyətə malikdir. "Bu marşrut xətti yükdaşımaların vaxtına, həmçinin yükdaşımalara çəkilən xərclərə qənaət etməyə imkan verir", - deputat çıxışında vurğulayıb.
Marşrutun ölkəmiz üçün üstünlüklərinə gəldikdə, Sadiq Qurbanov bildirib ki, Azərbaycanın tranzit potensialından maksimum istifadə olunmaqla tranzit imkanlarını artırmaq, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə daşınacaq yükün həcminin artırılması və bu sahədə öz rəqabət qabiliyyətliliyini yüksəltmək üçün mühüm addımdır.
Millət vəkili daha sonra Trans-Xəzər Şərq-Qərb Orta Koridor və ya qısaca Orta koridorun Çin-Azərbaycan münasibətlərinin inkişafında, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında oynadığı rola diqqət çəkib: "Bunun nəticəsidir ki, bu gün Çin Azərbaycanın dörd ən böyük ticarət tərəfdaşından biridir. Orta koridor həmçinin, Türkiyə və Rusiya üçün də böyük tranzit imkanlar açmış oldu. Rusiyadan Türkiyəyə yükdaşımaların böyük hissəsi dəniz, bir qismi isə avtomobil yolları ilə həyata keçirilirdi ki, bu da həm xərc, həm də müddət baxımından əlverişli deyildir".
Komitə sədri qeyd edib ki, dünyanın qlobal ekoloji problemlərlə üzləşdiyi bir dövrdə iri infrastruktur layihələri həyata keçirərkən ətraf mühit məsələlərini də diqqətdə saxlamaq lazımdır. Onun sözlərinə görə, bu baxımdan istər Trans-Xəzər, istər Bakı-Tbilisi-Qars, istərsə də Bakı Beynəlxalq Dəniz Ticarət limanının tikintisi və istifadəsi zamanı bu layihələrin ekoloji təsirləri qaçılmaz idi.
Millət vəkili çıxışının sonunda Vətən müharibəsindəki qələbədən sonra Zəngəzur nəqliyyat dəhlizi layihəsinin aktuallaşdığını vurğulayıb: "Zəngəzur nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin bir hissəsinə çevriləcək, Azərbaycan Avropa iqtisadi halqasını Şərqi Asiya ilə birləşdirən yeni bir nöqtədir. Zəngəzur dəhlizinin aktuallaşması üzrə fəal işlər aparılır, nəqliyyat-kommunikasiya layihələri nəzərdən keçirilir. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.
Çox sevindirici haldır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra qısa bir zamanda Sərq-Qərb dəhlizinə öz müsbət töhfəsini verməkdə davam edir. Belə ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Füzulidə açılan hava limanı həm də Qarabağda istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından olduqca vacibdir".
S.Qurbanov deyib ki, Füzuli hava limanının inşası işğaldan azad edilmiş ərazilərimizdə müasir kommunikasiyaların qurulması sahəsində həyata keçirilən, iqtisadi, strateji baxımdan dəyərli olan yeganə layihə deyil: "Zəngilan və Laçında da tikilən hava limanları Azərbaycanın tarixi torpaqlarına Böyük Qayıdış üçün vacib sayılan çox mühüm strateji layihələrdir, eyni zamanda Sərq-Qərb dəhlizinə öz müsbət töhvəsini verəcək".
Bölməyə aid digər xəbərlər