Fevralın 26-da Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Vətən müharibəsindən sonra regionda yaranmış reallıqlara, Prezident İlham Əliyevin Azərbaycan xalqının və dövlətinin gələcəyinə dair aydın strateji planlarına baxış oldu.
Bunlar təkcə 30 ildə Ermənistanda gedən prosesləri və onun nəticələrini dəyərləndirmək baxımından əhəmiyyətli deyil, eyni zamanda, Ermənistanın özü üçün də maraqlı və perspektivli mesajlarla zəngin olması nöqteyi-nəzərindən diqqəti cəlb edir. Xüsusilə də Ermənistanın indiyə qədər Azərbaycana qarşı apardığı təcavüzkar istilaçı və soyqırımı müharibəsindən hansı ziyanları gördüyü barədə deyilən fikirlər Ermənistana çox ciddi siqnal olmalıdı və əgər onlar bir dövlət olaraq özlərinin mövcudluğunu saxlamaq və əsl müstəqil dövlətə çevrilmək istəyirlərsə, mütləq şəkildə bunları nəzərə almalıdırlar.
Misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı gününə təsadüf edən mətbuat konfransı Ermənistan hakimiyyətinin Azərbaycana qarşı təcavüzkar siyasətinin dünyaya çatdırılmasına daha bir imkan yaratdı. Ölkə Başçımızın 4 saat ərzində 50 suala dəqiq, faktlara əsaslanan cavabları Azərbaycanın mövqeyini, Cənubi Qafqazda əbədi sülhün, əmin-amanlığın bərqərar olmasının tərəfində olduğunu nümayiş etdirdi. Beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizə aparan Azərbaycan dövlətinin yeganə məqsədi tarixi ədalətin bərpa edilməsi, müharibə və onun gətirdiyi faciələrə birdəfəlik son qoymaqdır. Davamlı sülhə nail olmaq hər zaman prioritet vəzifə kimi Azərbaycan dövlətçiliyində öndə gəlib. İkinci Vətən müharibəsində qazanılan zəfərin tarixi əhəmiyyəti də məhz regionda davamlı sülhün bərqərar edilməsindədir. Mətbuat konfransında Prezident İlham Əliyev qeyd edib ki, biz davamlı sülhə nail olmaq istəyirik. Bu düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur.
Azərbaycan Prezidentinin Ermənistanda faşizmin dirçəlməsi barədə dediyi fikirlər də dünya üçün ciddi qəbul edilmədiyi təqdirdə regionumuzda gələcəkdə sülh və təhlükəsizlik üçün böyük təhdidə çevrilə bilər: Bu mənada Azərbaycan Prezidentinin dediyi fikirlər həm Ermənistanın indiyə qədər apardığı təcavüzkar siyasətin mahiyyətini başa düşmək , həm işğalçı ölkəni düçar olduğu sosial-iqtisadi fəlakətin səbəblərini düzgün qiymətləndirmək, həm də onu dalandan çıxarıb, inkişaf edən bir dövlətə çevirmək yollarını düzgün müəyyənləşdirməkdə əhəmiyyətlidir.
Tural HÜSEYNLİ,
İqtisadcı, Nəsimi rayonu.
Bölməyə aid digər xəbərlər