Rusiyaya sarsıdıcı zərbə vuruldu: Kreml indi Azərbaycan və Türkiyədən asılıdır


Avropa Birliyi Rusiya neftinə dəyər limiti tətbiq etməklə, Kremlə qarşı fəlakət ssenarisini işə salmış oldu… İndi həm Avropa, həm də Asiya enerji bazarında “qiymət labirinti”nə salınan Rusiyanın Azərbaycan və Türkiyənin dəstəyinə böyük ehtiyacı var…
Rusiyanın beynəlxalq məkanda sıxışdırılması ilə bağlı proses davam edir. Hazırda Kreml demək olar ki, siyasi-diplomatik cəhətdən təcrid olunmuş vəziyyətə düşmüş kimi görünür. Halbuki, bu prosesin daha da intensivləşdirilərək, əhatə dairəsinin genişləndirilməsinə yönəlik də məqsədyönlü addımlar atılmaqdadır.


Məsələ ondadır ki, Rusiyaya qarşı beynəlxalq sanksiyaların gücləndirilməsinə cəhdlər göstərilir. Son məlumatlara görə, Rusiya sanksiyaların təsirini artıq hiss etməyə başlayıb. Hər halda, Rusiya bankları beynəlxalq maliyyə şəbəkələrindən kənarlaşdırılıb. Və bu Rusiyanın maliyyə-iqtisadi sisteminə sarsıdıcı zərbələr vurmaqdadır.
Digər tərəfdən, dünyanın bir çox nəhəng şirkətləri Rusiya iqtisadi məkanını tərk edib. Nəticədə maliyyə-iqtisadi dövriyyənin məhdudlaşması ilə yanaşı, Rusiyada əlavə “işsizlər ordusu” yaranmağa başlayıb. Çünki Rusiyanı tərk edən Qərb şirkətlərindən boşalan yerlərin qısa müddətdə doldurulması demək olar ki, mümkün deyil. Və bu, Rusiyanın gələcək taleyi üçün olduqca ciddi təhlükə vəd edir.
Ancaq Kremlin sanksiyalarla bağlı problemləri yalnız bunlarla məhdudlaşmır. Belə ki, Rusiya müəssisələri Qərb ölkələri ilə ticari əlaqələrin kəsilməsi ucbatından ölkə üçün böyük əhəmiyyət daşıyan strateji məhsulların istehsalında ciddi problemlər yaşayır. Hətta Rusiya iqtisadiyyatının bəzi sahələrində istehsal dayanmaq həddinə çatıb. Və Kreml bu problemlərin həlli üçün alternativ idxal qaynaqları tapmaqda da çətinlik çəkir.
Nəhayət, Avropa Birliyi ölkələrinin Rusiyadan təbii qaz idxalını dayandırması Kremli ümumiyyətlə, “maliyyə-iqtisadi labirintə” salıb. Hər halda, təbii qaz ixracından əldə olunan maliyyə gəlirlərinin Rusiya büdcəsində xüsusi, həm də əhəmiyyətli paya malik olduğu qətiyyən sirr deyil. Hər iki “Şimal axını” icrac boru kəmərlərinin sıradan çıxarılmasından sonra bu sahədə vəziyyət daha da qəlizləşib.
Maraqlıdır ki, mövcud situasiya Rusiyanı tədricən Türkiyədən asılı vəziyyətə salmağa başlayıb. Çünki indi Rusiya təbii qazı yalnız “Türk axını” marşrutu ilə Türkiyə üzərindən mümkündür. Və rəsmi Ankara Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşularaq, “Türk axını” boru kəmərini də qapadarsa, Kreml çıxılmaz vəziyyətə düşə bilər.
Hər halda, Rusiya Avropa bazarından çıxarılmış təbii qazın bütün həcmini Asiya ölkələrinə ixrac etmək imkanından uzaqdır. Üstəlik, Avropa bazarına təbii qaz ixracından məhrum qalan Rusiya Asiya ölkələrinin də qiymətlərdə ciddi güzəşt tələbləri ilə də üzləşməkdədir. Və bu, Rusiya üçün nəhəng enerji gəlirlərinin itirilməsi anlamına gəlir.
Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiya qərarı isə Kremlin tamamilə “əl-qolunun bağlanmasına”, sözün əsl mənasında, küncə sıxışdırılmasına hesablanıb. Belə ki, Avropa Birliyi Rusiyanın daha bir neçə nəhəng bankına qarşı sanksiya tətbiq edib. Ancaq Kreml üçün əsas maliyyə-iqtisadi zərbə təhlükəsini məhz Rusiya neftinə qarşı yeni sanksiyalar hesab olunur.
Məsələ ondadır ki, Avropa Birliyi Rusiya neftinin idxalından tam imtina etmək niyyətində deyil. Əksinə, Rusiya neftinin alışına dəyər limiti tətbiq olunmağa başlayıb. Yəni, bundan sonra Avropa Birliyi ölkələri Rusiya neftini 60 dollardan daha ucuz qiymətə satmaq məcburiyyətindədir. Və bu, Rusiyanın neft gəlirlərini ciddi şəkildə azaltsa belə, Kremlə ixrac həcmini qoruyub, saxlamaq imkanı verə bilər.
Təbii ki, Rusiya neftini daşıyan tankerlər sığorta problemi ilə üzləşdiyindən, indi Kreml üçün BTC ilə əsas ixrac alternativi sayıla bilər. Yəni, Rusiya bu məsələdə Azərbaycan və Türkiyədən ciddi şəkildə asılı vəziyyətə düşmək üzrədir. Belə asılılıq isə öz növbəsində müəyyən sahələrdə, xüsusilə də, hərbi-siyasi istiqamətdə də ciddi güzəştlər tələb edir. Əks halda, Azərbaycan və Türkiyə Rusiyaya neft ixracını tənzimləmək imkanı yaratmaz.(Yeni Müsavat)


Tarix: 8-12-2022, 12:24 Oxunub: 199


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930