Xeyli müddətdir ki, bir media qurumu olaraq Sumqayıt Səhiyyə Şöbəsinin keçmiş müdiri, hazırda Sumqayıt Tibb Mərkəzinin ( Publik Hüquqi Şəxsin) direktoru Səkinə Sadıxovanın qanunsuz əməlləri barədə araşdırma yazıları dərc edirik. Oxucuda aydın təsəvvür yaranması üçün qeyd edək ki, bu Tibb Mərkəzinin nəzdində xeyli sayda xəstəxana, polkilinika, Təcili Tibbi Yardım Stansiyası və digər tibb müəssisələri var. Yəni TƏBİB rəhbərliyi bütün bunları birləşdirib verib Səkinə Sadıxovanın əlinə, daha doğrusu, səlahiyyətinə. Səkinə Sadıxova bu xeyli sayda tibb müəssisələrin müdirləri, baş həkimləri ilə necə davaranır, xoşu gəlməyən poliklinikaları birləşdirir, istədiyi təcrübəli, peşəkar həkimi işdən qovub yerinə özü ağılda, özü savadda adamları işə götürür, Sumqayıt boyda şəhərin səhiyyə sistemində intriqa mühiti yaradır və s. Biz bu barədə kifayət qədər yazmışıq.
Bu hələ harasıdır..? Səkinə Sadıxovanın keçirdiyi saxta tenderlər, dövlət tərəfindən ayrılan dərman preparatlarının özəl apteklərdə satılması, xəstələrə ayrılan ərzaqların özəl mağazalarda satılması yolu ilə milyonlara sahib olması barədə də kifayət qədər yazılıb. Biz hələ Səkinə Sadıxovanın Sumqayıt Təcili Yardım Stansiyasında sürücüləri hansı qiymətə işə götürməsini, stansiyaya ayrılan benzinin, yanacağın, avtomobil ehtiyyat hissələrin satılmasını demirik. Təsəvvür edirsiniz, Səkinə Sadıxova təcili yardım maşınlarının sürücülərinə deyir ki, benzini, ehtiyyat hissələri öz cibinizin pulu ilə almalısınız.
Bütün bunları yenidən yazıb vaxt və zaman itirmək istəmirik. Xatırlatma üçün onu da qeyd edək ki, Hesablama Palatasından daxil olmuş material əsasında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıxova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə də uzun-uzadı yazmaq istəmirik, çünki kifayət qədər yazılıb.
İndi bəhs edəcəyimiz mövzu tamamilə yeni məsələdir. Ötən yazımızda qeyd etdiyimiz kimi Səkinə Sadıxova heç bir ali tibb təhsili olmayan Elnarə Məmmədovanı Sumqayıt Tibb Mərkəzinin Kadrlar şöbəsinə müdir təyin edib. Özü də Elnarə Arif qızı Məmmədovanın 44 yaşında Gürcüstan Respublikasından aldığı saxta diplomla.
Detallara varmadan Elnarənin keçmişinə nəzər salaraq və vaxt ayrımadan onu qeyd edək ki, Elnarə heç bir tibb təhsili olmadan Qobustan Mərkəzi Xəstəxanasının o zamankı baş həkimi Emin Hüseynlə tanış olur və Emin Hüseyn Astaraya baş həkim təyin olunarkən Elnarənin həmin xəstənada Kadr şəbəsinə müdir təyin edir.
Sonradan Astaradan qovulan Emin Hüseyn yenidən Qobustan Mərkəzi Xəstəxanasına baş həkim gələrkən Elnarəni də özü ilə kadr şöbəsinə müdir gətirir. Sözün qısası, Emin Hüseyn Şamaxı Mərkəzi Xəstəxanasına direktor təyin olunarkən Elnarəni özü ilə apara bilmir və Qobustanın yeni baş həkimi Qurban Kərimov Elnarəni Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən qovur. Sonra Sumqayıtda məhkəmə prosesi başlayır və TƏBİB-in müdaxiləsindən sonra Elnarə süddən çıxan qaşıq kimi təmiz çıxır.
Ötən yazımızda sual verdik ki, TƏBİB-in əməllərini başa düşdük, bəs məhkəmə hakimləri görmədi ki, Elnarənin diplomu saxtadır, niyə bu barədə sorğu vermədilər..? Sözün qısası, indi gələk konkret mətləb üstünə. Deməli, redaksiyamıza daxil olan rəsmi məlumata görə, Təhsil Nazirliyinin Kvalifikasiya şöbəsinə Elnarə Məmmədovanın Gürcüstan Respublikasından aldığı diplomun təsdiqi ilə bağlı heç bir müraciət daxil olmayıb və Təhsil Nazirliyinin Məlumat Bazasında Elnarə Məmmədovanın diplomu ilə bağlı heç bir məlumat yoxdur.
Onda ortaya sual çıxır: Bəs Elnarə Məmmədovaya onun diplomunu təsdiq edən sənədi kim və neçəyə verib..? Məlumdur ki, Elnarə Məmmədova həmin saxta diplomla Sumqayıt ərazisində mühüm dövlət qurumunda, özü də vəzifədə çalışır. Deməli, bu məsələ Sumqayıt prokurorluğunda araşdırılıb ortaya ciddi nəticə qoyulmalıdır.
Biz üzümüzü Sumqayıt şəhər prokuroru, hörmətli Mürvət Həsənova tutaraq deyirik. Hörmətli Mürvət müəllim. Siz uzun müddətdir ki, prokurorluq orqanlarında çalışırsınız, hətta Bakı şəhər prokurorunun müavini vəzifəsində çalışmısınız. Hörmətli Baş prokurorumuz Kamran Əliyevin etimadı ilə Sumqayıt boyda şəhərin prokuroru təyin edilmisiniz.
Ümid edirik ki, Elnarə Məmmədovanın saxta diplomla dövlət vəzifəsində çalışmasına və diplomun saxta olmasına aydınlıq gətirəcəksiniz. Bütün dünyada saxta diplom vermək, saxta diplomla çalışmaq cinayət əməli hesab olunur.
Və sonda özünü muzdlu jurnalist hesab edən və barəmizdə guya ittiham yazıları yazanlara üzümüzü tutub deyirik ki, bizim mübarizəmiz sizin kimi YAL davası deyil, Azərbaycan Dövlətinin gələcəyi üçündür.
(Gündəlik Bakı)
Bölməyə aid digər xəbərlər