Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fevralın 26-da yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox media orqanının 50-yə qədər suallarına dövlət başçımızın tam əsaslandırılmış hər bir cavabı tezis olaraq bütün dünyaya göstərdi ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Dövlətimizin başçısı keçirdiyi mətbuat konfransında çox vacib və aktual məsələlərə toxundu və əsasən, 44 günlük Vətən müharibəsi, 10 noyabr Bəyanatının imzalanmasından sonrakı mövcud vəziyyət və regionda baş verən proseslər barədə ətraflı şəkildə fikirlərini ifadə etdi.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə əsaslı bərpa işlərinə start verib. Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı yol, hava limanı, elektrik və başqa infrastruktur layihələrinin təməlini qoyması, açılışında iştirak etməsi Qarabağın cənnətə çevrilməsi prosesinin tərkib hissəsidir. Başlanan bərpa işləri də bir daha göstərir ki, Qarabağda böyük iqtisadi layihələr icra olunacaq, kəndlər, rayonlar, şəhərlər yeni planlara uyğun olaraq bərpa ediləcək, məktəblər, xəstəxanalar, dövlət qurumlarının binaları inşa ediləcək, infrastruktur yaradılacaq. Bu mənada artıq Azərbaycan böyük investorlar üçün daha maraqlı ölkəyə çevrilməkdədir. Cənab Prezident İlham Əliyevin mütəmadi olaraq beynəlxalq miqyasda nüfuzlu olan şirkət rəhbərləri ilə görüşməsi, onların işğaldan azad olunmuş ərazilərdə görəcəkləri işlərə dair fikir mübadilələri aparması bir daha deyilənləri sübut edir.
Bəli, böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. Azərbaycan böyük investorlar üçün artıq daha maraqlı ölkədir. Ərazilərin bərpa olunması da yeni iqtisadi imkanlar yaradacaq. Bu mənada, bütün tərəfdaş və maraq göstərən ölkələr bərpa işlərinə cəlb oluna bilərlər. Bütövlükdə, icra olunacaq layihələr bir neçə milyard dollar vəsait tələb edəcək. Belə ki, on min kvadratkilometrdən çox ərazi azad edilib və həmin yerlərdə şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib.
Cənab Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında bu məsələlərə toxunaraq bildirib ki, bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Reallaşacaq layihələrdə müasir texnologiyaların potensialına geniş şəkildə müraciət olunacaq, həmçinin, ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq. Məhz, dövlətin 2.2 milyard manatlıq investisiyası bu prosesin başlanğıcı hesab olunur. Bundan sonrakı mərhələdə dövlətin əsas vəzifəsi işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Bu, şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə reallaşdırılacaq.
Tural HÜSEYNLİ,
Həsimi rayonu, iqtisadcı.
Bölməyə aid digər xəbərlər