16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
"UZAĞI 10 GÜNƏ YOLUXMA SAYI 1000-1500-ə ÇIXACAQ" - Sərt karantin rejimi yenidən tətbiq oluna bilərmi?


Son günlərdə Azərbaycanda koronavirusa yoluxma sayı xeyli artıb. Martın 1-də ölkə üzrə yoluxma sayı 125 olduğu halda, növbəti gün bu göstərici 352-yə yüksəlib. Həmçinin, koronavirusa yoluxanlarla sağalanların arasında fərq də kəskin artıb. Bu gün isə ondan bir qədər az, 319 yeni yoluxma faktı aşkarlanıb.

Ölkədə yanvarın 18-dən aparılan vaksinasiya fonunda yoluxmaların artmasının səbəbi nədir?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan" agentliyinə bildirib ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda koronavirusa yoluxmanın sayı azdır: "Yoluxanların sayı əhalinin ümumi sayına və digər ölkələrdəki statistikaya görə pis deyil. Amma sağalma ilə xəstələnmə arasındakı kəskin fərq narahatedicidir. Artıq xəstələnənlərin sayı sağalanlardan iki dəfə çoxdur. Hesab edirəm ki, Operativ Qərargah bu tendensiyanı azaltmaq tədbirləri ilə bağlı düşünür".

Deputatın fikrincə, son vaxtlar Azərbaycanda karantin rejimi çox yumşalıb: "Gözəllik salonları, restoranlar, məktəblər, uşaq bağçaları açılıb. Məsələn, Almaniya və Avstriyada yalnız martın 1-dən uzun fasilədən sonra bərbərxanalar açılıb. Ora girişə isə ekspress testin nəticəsi neqativ olandan sonra icazə verilir. Bizdə isə, çox təəssüf ki, gözəllik salonlarında, restoranlarda bu praktika yoxdur. Bizdə yoluxanların sayı aşağı düşmüşdü, sağalanların sayı çox idi. Amma görünür ki, insanlar tam bu koronavirus mühitində yaşamaq vərdişlərinə alışa bilmir".
Deputat bununla belə bildirib ki, indi insanlar maska məsələsində daha çox intizamlıdır və qaydalara əməl etməyə çalışırlar: "Amma restoranlarda, insanlar sıx təmasda olan yerlərdə maska məsələsinə o qədər də ciddi yanaşılmır".
M.İbrahimqızı qeyd edib ki, koronavirusa qarşı vaksinasiya prosesi başlayandan qısa müddət sonra xəstəlikdə artım tendensiyası təbiidir: "Vaksinasiya iki mərhələli aparılır. Birinci doza vurulandan 28 gün sonra ikinci doza vurulur. Azərbaycanda peyvənd ilk tibb işçilərinə vurulub və onlara ikinci peyvəndin vurulması mərhələsi təzəlikcə bitib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vaksinin ikinci dozası vurulandan 15 gün sonra immunitetin yaranıb-yaranmamasını yoxlamaq üçün test edilir. Qurumun bildirdiyinə görə, bəzi insanlarda hətta peyvənddən sonra immunitet yaranmaya bilir. Azərbaycanda isə hələ ki, yalnız həkimlər vaksinasiyanın ikinci mərhələsindən keçiblər və hazırda antikor testləri edilir".
M.İbrahimqızı vurğulayıb ki, indiki dövr daha həssasdır: "Hərdən elə hallarla rastlaşırsan ki, insanlar vaksinin birinci dozasını alandan sonra çox rahatlaşır, fikirləşir ki, artıq xəstələnməyəcək. Amma bu, yanlış fikirdir. Birinci dozadan sonra qanda anticisimlər, ikinci dozadan sonra isə maksimum immunitet yaranmağa başlayır".
Bununla belə, deputat düşünür ki, Azərbaycanda koronavirusla bağlı proqnozlar optimistdir.
Tibb elmləri doktoru Adil Qeybulla isə "Azadlıq" radiosuna bildirib ki, son vaxtlar koronavirusa yoluxma sayı artmaqdadır. 

Onun fikrincə, sosial həyatın ayrı-ayrı sahələri yumşaldıqca karantin rejiminə riayət etmə arxa plana keçib: "İctimai nəqliyyat bizim ən zəif yerimizdir. Bu günə qədər pandemiyanın Azərbaycanda bu şəkildə yayılmasında, təmasların artmasında ictimai nəqliyyatın günahı az deyil. Bu sahədə biz qayda-qanuna nail ola bilmədik. Avtobuslarda yaranan basabasları kənardan müşahidə etsək, biz buna bir daha əmin olarıq".
Ekspertə görə, məktəblərin, ayrı-ayrı kafe və restoranların fəaliyyəti də yoluxma sayının artmasına şərait yaradır: "Bundan başqa, Britaniya ştammı və digər mutagen formaların yayılması reallıqları var. Bunlar haqda Azərbaycan üzrə dəqiq məlumat, hələlik, əlimizdə yoxdur".
A.Qeybulla hesab edir ki, epidemioloji vəziyyətdən asılı olaraq situasiyaya dəyər veriləcək: "Vəziyyət pisləşərsə, karantin qaydaları yenidən sərtləşdirilə bilər. Vəziyyət isə bu şəkildə davam edərsə, indiki situasiyada sərtləşməyə heç bir lüzum yoxdur".
Məsələyə, hələlik, Nazirlər Kabineti yanında Operativ Qərargahdan münasibət almaq mümkün olmayıb.
Bakı Nəqliyyat Agentliyindən isə, bir qayda olaraq, bildirirlər ki, avtobuslarda sıxlığın aradan qaldırılması üçün bütün imkanlardan istifadə edilir.
Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. Bu, 2 milyon əhalinin istifadəsi üçün yetərlidir. Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.
Tanınmış həkim, farmakoloq Müşfiq Hüseynov isə "AzPolitika.info"-ya bildirib ki, üçüncü dalğa mütləq olacaq, bundan qaçış yoxdur. 
Onun sözlərinə görə, Azərbaycanda uzağı 10 günə yoluxma sayı 1000-1500-ə çıxacaq. Yəni bayramda üçüncü dalğanın içinə düşəcəyik.

Ekspert hesab edir ki, yoluxmalar artsa da yenidən SMS icazə sisteminə qayıtmaq olmaz: "Birincisi, üçüncü dalğa ikincidən zəif olacaq, mən maksimum yoluxma sayının 2500-3000 olacağını düşünrəm. Təəssüf ki, ikinci dalğanın pik vaxtlarında SMS icazə sistemi tətbiq elədilər. Onsuz da 4-5 gün sonra yoluxma sayı azalmağa başladı. Əbəs yerə 1 ay karantində qaldıq. Hər kəs də gördü ki, azalmanın SMS icazə ilə əlaqəsi yoxdur. Maska məcburiyyəti var, bu, kifayətdir. Uzağı şənbə, bazar günləri qapanmaya getmək olar. O da yoluxma sayı 2500-ü keçərsə".
M. Hüseynovun sözlərinə görə, yaz aylarında insanları içəri doldurmağın mənası yoxdur: "Amma biz gördük ki, hökümət iyulda da qapanma qərarı verdi. Yəni burda nəyin necə olacağını proqnozlaşdırmaq mümkün deyil. Dünyada bizim qədər qapanma yaşayan ölkə yoxdur. Amma yoluxma sayı az olan ölkələrdən deyilik. Ondansa peyvəndin vurulmasını sürətləndirmək daha yaxşı olardı".


Tarix: 4-03-2021, 13:46 Oxunub: 185


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930