Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri, dövlətimizin başçısının iştirakı ilə gerçəkləşən açılış və təməlqoyma mərasimləri, təkcə ölkəmizin deyil, bütövlükdə regionun gələcəyi, inkişafı üçün mühüm strateji əhəmiyyət daşıyır. Səfər çərçivəsində Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlin qoyulması Azərbaycanla Türkiyə arasında ikinci dəmir yolu əlaqəsinin yaranması, dəmir yolu xətlərinin diversifikasiyası baxımından olduqca önəmlidir. Bütün digər istiqamətlərdə olduğu kimi, nəqliyyat dəhlizlərində də alternativlərin olması həm iqtisadi imkanların və əlaqələrin genişlənməsi, həm də təhlükəsizlik baxımından vacibdir. Digət tərəfdən, Ermənistan üzərindən Naxçıvana, oradan isə Türkiyə ərazisinə keçəcək dəmir yolu xətti məsafənin qısa olması səbəbindən, iqtisadi səmərəliliyi artıracaq, yükdaşınmalarında vaxt itkisinin qarşısnı alacaq.
Bəli işğaldan azad edilmiş rayonlarımızda həyata keçirilən layihələrin yaratdığı təəssürat, Prezident İlham Əliyevin Qarabağı regionun, subregionun logistik mərkəzinə çevirmək niyyətindən xəbər verir. Cənab Prezident Azərbaycan torpaqlarının azad edilməsi prosesini uzunmüddətli strateji bir plan əsasında gerçəkləşdirdiyi kimi, bu ərazilərin inkişafına da uzaq hədəflərə yönəlmiş geostrateji baxış bucağından yanaşır. Füzuli rayonunda beynəlxalq hava limanının inşasını, çəkilən və çəkilməsi nəzərdə tutulan yeni avtomobil yollarını da nəzərə alsaq, yaxın gələcəkdə Qarabağın nəhəng bir ərazinin nəqliyyat habına çevriləcəyini söyləyə bilərik. Prezident İlham Əliyev “Qarabağı cənnətə çevirəcəyik” deyəndə, sadəcə işğaldan azad edilmiş ərazilərimizin bərpasını, həyata keçiriləcək abadlıq-quruculuq işlərini nəzərdə tutmur. Dövlət başçımız daha uzaq hədəfləri, Qarabağın iqtisadi inkişaf, biznes cənnətinə çevriləcəyini, burada insanların yaşaması və fəaliyyət göstərməsi üçün ideal imkanların yaradılmasını nişan verir.
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu əlaqəsinin yaranması isə müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması bu mənada tarixi hadisədir.Ümumi uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xətti, ilk növbədə, Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlarımıza rahat gediş-gəlişinin təmin olunması üçün olduqca əlverişlidir. İkinci tərəfdən, bu nəqliyyat infrastrukturu sosial-iqtisadi cəhətdən çox səmərəlidir. Yəni yüklərin daşınması ölkəmizin tranzit əhəmiyyətinin və iqtisadi gücünün artması, əməkdaşlığın genişləndirilməsi deməkdir. Bir sözlə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində atılan bu addımlar Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasına, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Bölməyə aid digər xəbərlər