16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Elvin Seyidli: "Azərbaycan ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır"










"1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusunun yaradılması barədə qərar qəbul etdi. Təxminən bir aydan sonra isə Hərbi Nazirlik yaradıldı. Çox qısa bir müddətdə, çətin və keşməkeşli tarixi şəraitdə formalaşan ordu hissələri Qarabağda uğurlu döyüş əməliyyatları həyata keçirdi, Qafqaz İslam Ordusu ilə birləşərək Bakını erməni-bolşevik işğalçılarından azad etməyə müvəffəq oldu. O vaxtlar Azərbaycan ordusunda iyirmidən artıq yüksək rütbəli zabit xidmət edirdi - 1920-ci il 28 aprel işğalından sonra onlardan 15-i güllələndi, digərləri isə repressiyaya məruz qaldı. Beləliklə, dövlət müstəqilliyimiz kimi onun ordusu da süquta uğradı."

Bu fikirləri saytımıza açıqlamasında İsmayıllı rayon, Qalınçaq bələdiyyəsinin sədri Elvin Seyidli deyib. 

O, bildirib ki, əsrin sonlarına doğru tale Azərbaycan xalqının üzünə güldü - on illərlə ürəklərdə yaşanan istiqlaliyyət arzusu yenidən gerçəkləşdi. Tarix sanki bu dəfə də xalqımızı sınağa çəkdi:

"Mövcud çətinliklər, ağır iqtisadi durum, dağıdılmış dövlət təsisatları, ölkədə baş alıb gedən anarxiya, hakimiyyətə gəlmiş qüvvələrin səriştəsizliyi və s. ... Bir tərəfdən isə Ermənistanın işğalçılıq siyasəti, torpaqlarımıza aramsız hücumları. Bütün bu və digər amillər ilk illər təbii ki, həm dövlət quruculuğu, həm də nizami ordu yaradılması prosesini xeyli çətinləşdirirdi. 1993-cü ilin iyun ayında xalqımızın böyük oğlu, görkəmli şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımızın və müstəqilliyimizin taleyində yeni bir mərhələ oldu. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası məhz həmin ilin sonlarından başladi. Prezident, Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrin hərbi-elmi prinsiplər əsasında yaradılması, vahid komandanlığa tabe olması, qeyri-peşəkarların hərbdən kənarlaşdırılması, ordu sıralarına yalnız sağlam qüvvələrin cəlb edilməsi, ayrı-ayrı, həm də ambisiyalı pərakəndə dəstələrdən nizami hərbi hissələrin formalaşmasına keçilməsi tezliklə öz bəhrələrini verdi. Qısa vaxtda formalaşan Azərbaycan ordusu 1994-cü ilin əvvəllərində öz gücünü göstərdi-Füzuli-Horadiz istiqamətində düşmənə sarsıdıcı zərbə endirildi, işğalçılar qırx kilometrlik məsafədə ərazimizdən uzaqlaşdırıldı. Bir qədər sonra imzalanan atəşkəs müqaviləsi ordu quruculuğu ilə daha dərindən məşğul olmağa imkan yaratdı. Yeni qəbul olunmuş "Silahlı Qüvvələr haqqında", "Hərbi xidmət haqqında", "Müdafiə haqqında", "Hərbi qulluqçuların statusu haqqında" və s. qanunlar bu sahədə hüquqi bazanı formalaşdırdı. İnkişaf etmiş dünya ölkələrinin hərbi təcrübəsi əsas götürülərək yeni, müasir tələblərə cavab verən mərkəzləşdirilmiş ordu yaradılması istiqamətində mühüm addımlar atıldı. Hərbi təhsil sisteminin təkmilləşdirilməsi, NATO standartlarına uyğunlaşma, bir sıra ölkələrlə qarşılıqlı hərbi əlaqələrin qurulması gənc zabit kadrlarının hazırlanması məqsədilə geniş hərbi təhsil müəssisələri şəbəkəsinin yaradılması, eləcə də maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində görülən işlər daim dövlətin diqqət mərkəzində idi. Odur ki, hərtərəfli qayğı ilə əhatə olunmuş Silahlı Qüvvələrimiz çox qısa zaman ərzində inkişafın geniş magistralına çıxarıldı.


"Güclü dövlətin güclü ordusu olmalıdır". Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətində əsas yer tutur. Həyata keçirilən islahatlar, uğurla icra olunan beynəlxalq layihələr iqtisadiyyatımızın yüksəlişinə təkan verdi. Dövlətimizin maliyyə imkanları artdıqca o daha surətlə inkişaf edir, ölkədaxili bütün sahələrdə əsl tərəqqi baş verirdi. Bu öz təsirini Silahlı Qüvvələrimizdə də açıq-aydın büruzə verirdi. Hər il hərbi xərclərə ayrılan vəsait əsaslı dərəcədə artırıldı. Silahlı Qüvvələrimizdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılmasından tutmuş ordumuzun dünya standartlarına uyğun yüksək döyüş texnikası ilə təchiz olunmasınadək bütün məsələlər dövlətimizin daim diqqət mərkəzindədir. "Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu hər bir ölkə üçün belə olmalıdır. Çünki hər bir ölkə özünü müdafiə etməlidir. Xüsusilə müharibə şəraitində yaşayan bir ölkə üçün bu çox böyük əhəmiyyətə malik olan məsələdir", - deyən Prezident İlham Əliyev daim ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsi qayğısına qalır, hərbi qüdrətimizin daha da artırılması yönümündə müvafiq tədbirlər görür. Ali Baş Komandanın müntəzəm olaraq hərbi hissələrə baş çəkməsi, on xətdə xidmət edən əsgər və zabitlərlə görüşməsi hərbçilərimiz arasında qələbəyə inamın yüksəlməsinə, döyüş əhval-rühiyyəsinin möhkəmlənməsinə zamin yaradır.


Ölkəmizdə ordu quruculuğunun dönməz bir prosesə çevrildiyini qeyd edən Prezident İlham Əliyev həmçinin bildirir ki, XXI əsrdə müharibələr daha çox texnologiyalar, biliklər üzərində qurulacaqdır. Bu, zəmanənin tələbidir. Odur ki, Azərbaycanın son illər əldə etdiyi bütün silahlar yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik olan müasir silahlardır. Onların arasında döyüş təyyarələri, döyüş və nəqliyyat helikopterləri, hava hücumuna qarşı ən mükəmməl qurğular vardır. Bu zirehli maşınlar, ən müasir tanklar və artilleriya qurğuları düşmənin istənilən obyektini sıradan çıxarmağa qadirdir.

Azərbaycan öz ordusunu xaricdən alınan silahlarla yanaşı, daxildə istehsal olunmuş silahlarla da təchiz edir. Qətiyyətlə söyləmək olar ki, bu gün ölkəmiz güclü hərbi sənayeyə malikdir. Son on il ərzində yerli hərbi istehsal xeyli inkişaf etmiş, çoxlu hərbi zavodlar fəaliyyətə başlamışdır. Bu zavodlarda 750 adda məhsul istehsal olunur. Bütün növ patronlar, tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri, pilotsuz təyyarələr yerli sənayemizin istehsalıdır. Azərbaycan məhsulları həmçinin dünya sərgilərində nümayiş etdirilir. Beləliklə ixrac imkanları artırılır. Bütün bunlar ölkəmizdə ordu quruculuğuna, Silahlı Qüvvələrimizin daha da güclənməsinə yönəldilmiş dövlət qayğısının nəticəsidir.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır - həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizata görə. Azərbaycan bir ölkə olaraq gücləndikcə ordumuz da güclənəcəkdir. O istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir."


Tarix: 8-09-2020, 16:24 Oxunub: 395


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930