16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Məktəb direktoru: Distant təhsil günümüzün reallığıdır

Distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. Kütləvi xarakter daşımasa da, məsafədən təhsil daim mövcud olub. Son onilliklərdə xarici ölkələrin ali təhsil pilləsində geniş tətbiq olunur və imkanları bir çox amillər üzrə ənənəvi təhsilin imkanlarından qat-qat üstündür. İndiyə qədər orta təhsil sahəsində telekommunikasiya vasitələrindən istifadə olunması da əslində distant təhsilin bəzi elementlərinin tətbiqi demək idi. Bildiyimiz kimi, ümumi təhsil pilləsində distant təhsilə kütləvi keçid COVID-19 pandemiyasının yaratdığı zərurətdən irəli gəldi. Əyani təhsillə müqayisədə distant təhsilin üstün və çatışmayan cəhətləri var. Ümumi təhsilin məqsədinin şagirdlərə təkcə bilik vermək deyil, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək olduğunu nəzərə alsaq, əyani təhsilin rolunu danmaq olmaz. Lakin distant təhsilin də bir çox inkaredilməz üstünlükləri var. Hətta bəzi fənlərin tədrisini əyani dərslərə nisbətən daha əlverişli formada təşkil etmək mümkündür. Məsafədən təhsil informal (özünütəhsil yolu ilə biliklərə yiyələnmə) təhsilin həyata keçirilməsində, ömürboyu təhsilalmanın təmin olunmasında əvəzedilməz rol oynayır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində distant təhsillə bağlı fikirlərini bölüşən Bakı şəhəri 214 nömrəli tam orta məktəbin direktoru Fəttah Fəttayev söyləyib. O bildirib ki, bu gün distant təhsilə keçid bizim istəyimizdən asılı olmayaraq baş verən zərurət olduğu üçün qarşımızda duran məsələ əyani və distant təhsil arasında seçim etmək deyil. Hazırkı vəziyyətdə təhsil idarəetmə orqanlarının, məktəbin, cəmiyyətin - bir sözlə, hər birimizin qarşısında duran əsas məsələ elektron, telekommunikasiya vasitələrindən düzgün istifadə etməklə, təhsilin məsafədən təşkilinə maksimum nail olmaqdır. Pandemiyanın elan olunduğu ilk günlərdən Təhsil Nazirliyi vəziyyəti düzgün qiymətləndirərək operativ qərarlar verdi. Mart ayının 3-dən təhsil müəssisələrində əyani dərslər dayandırıldı və çox qısa müddətdə – martın 11-dən teledərslərə, aprelin 2-dən isə “Microsoft” korporasiyası ilə əməkdaşlıq çərçivəsində “Microsoft Teams” platforması üzərindən “Virtual məktəb” layihəsinə start verildi. Hazırda milyon yarımdan çox şagird və müəllim distant dərslərə qoşulur, bu platforma üzərindən hər həftə 5 milyondan artıq distant dərs keçilir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədə Azərbaycanı digər ölkələrə nümunə göstərdiyi kimi, “Microsoft” korporasiyasının rəhbərliyi ölkəmizin distant təhsili mərkəzləşdirilmiş şəkildə həyata keçirən ilk ölkələrdən olduğunu vurğulayaraq, çox qısa zaman ərzində bu təhsilin təşkili sahəsində Azərbaycanın təcrübəsini yüksək qiymətləndirib.

“Son günlər Azərbaycanda COVID-19 virusuna yoluxma sayının artım dinamikası əyani tədrisə qayıtmaq imkanlarımızı daha da azaldır. Reallıqla barışmaq və mövcud vəziyyətə uyğunlaşmağı bacarmaq lazımdır. Bu müddəti informasiya-telekommunikasiya vasitələrindən, onlayn təlim texnologiyalarından istifadə bacarıqlarımızı inkişaf etdirmək üçün daha bir fürsət kimi dəyərləndirib, bu sahədə təkmilləşmək üçün çalışmaq gələcəyimizi fərqli şəkildə qurmağa səbəb olacaq. İnformasiya texnologiyalarının sürətli inkişafı ilə “məsafə” anlayışının öz klassik mənasını itirdiyi müasir dövrdə distant təhsil artıq həyatımızın bir parçasına çevrilib. Hesab edirəm ki, normal həyata qayıtdıqdan sonra da distant təhsil əyani təhsillə paralel tətbiq olunmalı, elektron resurslardan, elektron qiymətləndirmə vasitələrindən istifadəyə üstünlük verilməsi davam etdirilməlidir. Bütün mənfi təsirləri ilə yanaşı, mövcud vəziyyət bizə çox şey öyrətdi. Artıq bu sahədə təcrübəmiz var və bu təcrübədən istifadə təhsilimizin inkişafına yalnız fayda verə bilər",- deyə F.Fəttayev fikrini yekunlaşdırıb.


Tarix: 18-12-2020, 10:47 Oxunub: 229


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930