Azərbaycan bütün dünyaya regionun yalnız iqtisadi baxımdan deyil, həm də hərbi-siyasi kontekstdə ən güclü dövləti olduğunu göstərdi - Tural Hüseynli



Şanlı Vətən Müharibəsində, İkinci Qarabağ Savaşında qazandığımız bu tarixi qələbədə əlbəttə ki, Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin bütün komandir heyətinin, əsgər və zabitlərinin, Azərbaycan hərbiçilərinin misilsiz rolu mütləqdir. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, məharət və fədakarlıq nümayiş etdirərək müasir hərb tariximizin ən şanlı qələbələrini qazandı və XXI əsrin yeni müharibə modelini bütün dünyaya təqdim etdi. İşğaldan azad olunan bütün torpaqlarımızın hər qarışı, ərazi bütövlüyü bərpa olunan Şanlı Azərbaycanın mənfur düşməndən təmizlənmiş torpaqlarında məğrurluqla dalğalanan üçrəngli Azərbaycan bayrağı şəhidlərimizin qanı ilə sulandı.

Bu qədər qısa müddət ərzində yeni əsrin yeni hərb nümunəsini yaradan, mənfur düşmənin illərlə qurduğu, möhkəmləndirdiyi istehkamları, saysız-hesabsız hərbi texnikasını məhv edən və Qarabağı azad edən Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu möhtəşəm hərbi qələbəsi hələ uzun illər hərbi ekspertlər, tarixçilər, siyasətçilər və s. tərəfindən araşdırılacaq, öyrəniləcək və zəfərlə nəticələnən uğurlu müharibə dastanına çevriləcəkdir.

İşğalçı Ermənistan sentyabrın 27-də başladığı müharibəyə 44 gün davam gətirə bildi. Bu müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Azərbaycan Ordusu bir daha dünyanın 50 ən güclülərindən biri olduğunu təsdiqlədi. Xarici havadarlarına güvənən düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Özlərini güclü, qüvvətli hesab edən Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Nəhayət diz çökdü.

   Buna qədər də Ermənistan rəhbərliyi 3 dəfə ağ bayraq qaldırmışdı. Əgər Paşinyan əvvəllər Azərbaycana heç bir güzəştin olmayacağını bəyan edirdisə, indi ağ bayraq qaldırıb təslim oldu. Düşünülmüş hərbi əməliyyatlar, ordumuzun peşəkarlığı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əzmi, qətiyyətli siyasətçi və dövlət başçısı olması bir daha özünü büruzə verdi. Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, dövlətimizin başçısı öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi. Möhtərəm Prezidentimiz bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları onun üçün ən ali dəyərdir.

   Azərbaycan Ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə bir daha dünyaya sübut etdi ki, bir qarış da olsun torpağımız işğalda qalmayacaq. Noyabrın 10-da Ermənistanın rəsmən təslim olması da bunu təsdiqlədi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi.

   Noyabrın 10-u Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu. Həmin gün Azərbaycanın Ermənistan üzərindəki qələbəsi rəsmən elan olundu. Dövlətimizin başçısı İlham Əliyev həmin gün xalqa müraciətində də bunu xüsusi vurğuladı: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar”.

  Dövlətimizin başçısı bu bəyanatın bizim şanlı qələbəmiz olduğunu və bu müjdəni Azərbaycan xalqına verdiyinə görə çox şad olduğunu bildirdi. Bu bəyanatın imzalanmasının səbəblərindən biri düşmən üzərindəki parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir. Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Bizim Şuşaya qayıtmamız, Şuşanı qaytarmamız Ermənistanın məğlubiyyətini reallaşdırdı. Artıq həm Şuşaya, həm də işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, özlərinə yeni ev-eşik quracaq və doğma ata-baba yurdlarında təhlükəsiz yaşayacaqlar. Müzəffər Ali Baş Komandanımız yenilməz ordumuzun gücü ilə 30 illik yurd həsrətinə son qoydu.

   Dövlətimizin başçısı bir daha bəyan etdi ki, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün bundan sonra da əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. İndi bütün dünya görür ki, mənfur düşmən bu torpaqları hansı vəziyyətə salıb. Vəhşiləşmiş ermənilər bütün binalarımızı dağıdıb, tarixi abidələrimizi məhv edib, muzeylərimizi talan edib. O cümlədən təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağıdılıb, təhqir edilib. Azad edilmiş torpaqlarda dağıdılmış məscidlərdə vəhşi düşmən bizi təhqir etmək, qürurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma biz onların qisasını artıqlaması ilə aldıq. Xocalı qurbanlarının da, bütün şəhidlərimizin də qisasını aldıq.

   Artıq düşməndən azad olunmuş ərazilərin qorunmasında sülhməramlı qüvvələr də iştirak edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladıqları bəyanatın 5–ci bəndində də göstərilir: “Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”.

   Sülhməramlı vəzifələr nədir? Sülhməramlıların əsas vəzifəsi döyüşən tərəfləri barışdırmaqdır. Bu məqsədlə:
- münaqişə tərəflərinin sazişə riayət etməsini izləmək;
- silahlı toqquşmaların qarşısını almaq;
- xarici qüvvələr tərəfindən münaqişə iştirakçılarına silah verilməsinin qarşısını almaq;
- mübahisələri tənzimləmək və təxribatların qarşısını almaq;
- nümayəndə heyətlərinin qorunmasını təmin etmək;
- mülki əhaliyə kömək etmək.

    Artıq Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb. Qardaş Türkiyə Prezidentinin “Qarabağ azərbaycanlı qardaşlarımızın yenidən döndüyü torpaqlar olacaq” deməsi “bir millət, iki dövlət anlayışı” içərisində bütün səylərimizin ortaya qoyulmasının təsdiqidir. Hər iki ölkənin vətəndaşları da tam əmindirlər ki, bundan sonra da bir millət, iki dövlət olaraq bu yolla irəliləyəcək. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Azərbaycan əldə etdiyi tarixi Qələbə ilə bir daha dünyanın güclü, inkişaf etmiş dövlətlərindən biri olduğunu təsdiqlədi. 

Azərbaycan Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edərək tarixi qələbəyə imza atıb. Bunu artıq nəinki Ermənistanda, eyni zamanda beynəlxalq aləmdə də hər kəs etiraf edir. Azərbaycan Prezidentinin rəhbərliyi altında qazanılmış bu qələbə, ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olacaq.

 Bu gün Ermənistanda baş verən proseslər Azərbaycanın əldə etdiyi nailiyyətin nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir. Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiya aktıdır. Bu sənəd Ermənistanın ağır məğlubiyyətinin təsdiqidir. Bəyanatın ən əhəmiyyətli tərəflərindən biri bundan ibarətdir ki, Azərbaycan 27 ildir işğal altında qalan ərazilərinin bir hissəsini hərbi əmliyyatlarsız, itkisiz əldə etmək imkanı qazanır. Eyni zamanda, bütün ərazisində dövlət suverenliyini təmin edir. Dağlıq Qarabağa isə heç bir xüsusi hüquqi status verilmir.

 Azərbaycan bu tarixi qələbəyə imza atmaqla həm də regionun geosiyasi mənzərəsini tamamilə dəyişməyə müvəffəq olub, beynəlxalq münasibətlər sistemində öz rolunu və təsirini daha da gücləndirib. Şübhəsiz ki, bu qələbənin siyasi, iqtisadi, sosial, psixoloji, hərbi, eyni zamanda beynəlxalq əhəmiyyətli nəticələrini mütəxəssislər daha geniş təhlil edəcək. Ən əsas məqamlardan biri, Vətən müharibəsində əldə olunmuş tarixi zəfərin regionda mövcud siyasi reallıqlara təsiri ilə müəyyənləşəcək. Azərbaycan bütün dünyaya regionun yalnız iqtisadi baxımdan deyil, həm də hərbi-siyasi kontekstdə ən güclü dövləti olduğunu göstərdi. Bu, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artıran əsas amillərdən birinə çevriləcək.

Bəli, Azərbaycan xalqı xoşbəxt xalqdır, çünki bu xalq müzəffər Ali Baş Komandan İlham Əliyevə inandı və “dəmir yumruğu” ilə şərəfini, milli qürurunu, müqəddəs Vətən torpağının ərazi bütövlüyünü bərpa etdi. Gözün aydın, Vətən! Gözün aydın, Azərbaycan! Gözün aydın, Şuşa, Qarabağ! Möhtəşəm Azərbaycanın şanlı tarixinin yeni salnaməsi başlayır! Yaşasın bu xalqa milli mənliyini, şərəfini, qürurunu qaytaran Ali Baş Komandanımız İlham Əliyev! Yaşasın yenilməz, rəşadətli Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır! Və bu həqiqət əbədidir.

Tural HÜSEYNLİ, 
İqtisadcı, Nəsimi rayonu.

Tarix: 14-11-2020, 13:50 Oxunub: 273


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30